QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakı və ətraf qəsəbələrdə sənədləri qaydasında olan torpaqlara maraq artıb və bu sahələrdə qiymət yüksəlişinin davam edəcəyi gözlənilir. Əmlak eksperti Anar Nəsirov bildirib ki, tikinti və ipoteka şərtləri də torpağa tələbatı artıra bilər.

Nəsirovun sözlərinə görə, 2019-cu ildən paytaxt və ətraf yaşayış məntəqələrində əmlaka maraq yüksəlib, bu da qiymətlərə hər il müəyyən artımla təsir göstərib. Bazarda tələb təklifi üstələdikdə qiymətlərin bahalaşdığını qeyd edən ekspert, 2023-cü il oktyabrın 1-dən çıxarışı olmayan həyət evlərinə kommunal xətlərin çəkilməsi və orada qeydiyyata düşməyin qadağan olunmasından sonra sənədsiz əmlaka alıcıların inamı azaldığını söyləyib.

Ekspertin bildirdiyinə görə, 2026-cı ildə Bakı və ətraf qəsəbələrdə ev qiymətlərinin ən yüksək həddə çatması bəzi vətəndaşları yenidən torpaq almağa sövq edib. Hazırda üstünlük çıxarışı olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil edilən və tikintiyə yararlı sahələrə verilir. Belə torpaqların məhdudluğu ilə yanaşı, onlara tələbatın çox olması qiymətləri artırır.

Anar Nəsirov vurğulayıb ki, bahalaşma bütün torpaq sahələrini əhatə etmir: daha çox Bakı ətrafındakı kənd və qəsəbələrdə yerləşən, çıxarışlı torpaqların qiyməti yüksəlir. Sənədi olmayan sahələrdə ev tikmək mümkün olmadığından alıcılar tikintiyə icazə verilən torpaqlara yönəlirlər. Hazır ev almağa imkanı çatmayanlar isə 3-4 sot torpaq alıb layihəni təsdiqlətdikdən sonra evi mərhələli şəkildə tikməyi seçirlər.

Ekspert xəbərdarlıq edib ki, çıxarış olmayan torpaqda layihəsiz tikinti ciddi risk daşıyır: mülkiyyətçi cərimələnə, tikdirdiyi ev isə sökülə bilər. Bu halda maddi və mənəvi itkilər yarana bilər.

Nəsirov sənədli torpaqların az, tələbin isə yüksək olduğunu əsas gətirərək qiymət artımının davam edəcəyini bildirib. Onun fikrincə, qiymətlərin enməsi üçün bələdiyyə və digər sərəncamlarla ayrılmış torpaqlara dövlət güzəşt tətbiq etməli və həmin sahələrə çıxarış verməlidir. Bu addım təklifi artıra, həmçinin dövlət büdcəsinə milyonlarla manat gəlir gətirə bilər. Ekspertin sözlərinə görə, sənədsiz torpaqlar hazırda vergiyə cəlb olunmur və çıxarışların verilməsi ilə bağlı konkret qərar olmadıqca sənədli torpaqlar bahalaşmaqda davam edəcək.