QafqazNews İHA-ya istinadən xəbər verir ki, BBP (Böyük Birlik Partiyası) sədri Mustafa Destici Qarabağın düşmən işğalından azad edilməsinin 6-cı ildönümü münasibətilə mesaj yayıb.

Destici mesajında bildirib: "8 noyabr 2020-ci ildə Şuşada dalğalanan Azərbaycan bayrağı təkcə bir şəhərin azad edilməsini deyil, illərlə davam edən bir həsrətin sona çatmasını, bir millətin vətəninə və müstəqilliyinə sahib çıxma iradəsini müjdələdi. Qarabağ Zəfəri yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ortaq sevinç və qürurdur. O gün Azərbaycanın sevinci Türkiyənin sevinci oldu, iki qardaş millətin ürəkləri eyni həyəcanla döydü. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq gündəlik siyasi münasibətlərin çox uzağında, tariximizin dərinliklərindən gələn bir qəlb və tale birliyidir".

Mesajın davamında qeyd edilir: "Bizim qardaşlığımız şəraitə görə qurulmuş bir yaxınlıq deyil, nəsillər boyu daşınmış tarixi bir əmanətdir. Böyük Birlik Partiyası olaraq bu qardaşlığın qorunmasını, gücləndirilməsini və gələcək nəsillərə daha möhkəm şəkildə çatdırılmasını milli bir məsuliyyət kimi görürük. Bu düşüncələrlə Qarabağın istiqlalı uğrunda canlarını qurban verən əziz şəhidlərimizi rəhmətlə və minnətlə anır, qəhrəman qazilərimizi hörmətlə salamlayır, qardaş Azərbaycan xalqının 8 noyabr Zəfər Gününü ürəkdən təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın bir millət, iki dövlət."