QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Böyük Britaniyada sahibkarlar üçün nəzərdə tutulan xüsusi viza proqramı üzrə Türkiyə vətəndaşlarına daimi yaşayış icazəsinin verilməsi kəskin azalıb.

Avropa İttifaqı ilə Türkiyə arasındakı Assosiasiya Sazişi (ECAA) əsasında Britaniyaya gələn Türkiyə vətəndaşları üçün daimi yaşayış statusu əldə etmək çətinləşib. Proqram onlara ölkədə biznes qurmaq və idarə etmək imkanı yaradırdı.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, 2025-ci ilin yanvar-iyun aylarında proqram çərçivəsində 3 378 nəfərin müraciəti təsdiqlənib. 2026-cı ilin eyni aylarında isə icazə alanların sayı 745 olub. Bu, təsdiqlərin bir il ərzində 78 faiz azalması deməkdir.

Hüquqşünaslar geriləməni 2025-ci ilin sentyabrından müraciətlərin araşdırılması zamanı ortaya çıxan dəyişikliklərlə bağlayır. Daha əvvəl daxili işlər naziri Şabana Mahmud daimi yaşayış statusu üçün tələbləri sərtləşdirmək planlarından danışmışdı. Nazirlik isə müraciətlərə baxış qaydalarında dəyişiklik edilmədiyini deyir.

Böyük Britaniyanın sabiq xarici işlər naziri Devid Lemmi də baş verənlərdən narahatlığını bildirib. Onun sözlərinə görə, qaydalara riayət edən, ölkədə ailə və biznes quran bəzi insanların həyatı alt-üst olub.

Lemmi vəziyyətin Britaniyada əvvəllər yaşanan “Windrush” qalmaqalını xatırlatdığını qeyd edib. Həmin vaxt uzun müddət ölkədə yaşamış miqrantların hüquqlarının qanunsuz məhdudlaşdırılması və deportasiya olunması ilə bağlı ciddi problemlər üzə çıxmışdı. O, Daxili İşlər Nazirliyini fəaliyyətini təcili nəzərdən keçirməyə və müstəqil araşdırmanın tövsiyələrini icra etməyə çağırıb.

İmtina qərarlarından zərər çəkənlərin sırasında ağır xəstəliyi olan şəxslər də yer alır. Türkiyə vətəndaşı bir qadın COVID-19 pandemiyası zamanı xərçəng diaqnozu aldıqdan sonra müalicəsini Türkiyədə davam etdirib. Britaniya Daxili İşlər Nazirliyi onun müalicə üçün ölkədən getməyə qərar verdiyini əsas gətirərək daimi yaşayış icazəsi verməyib.

Qadının həkimləri müalicəni başqa klinikaya keçirməyin ciddi tibbi risklər yarada biləcəyini bildiriblər. Buna rəğmən, nazirlik qərarını dəyişməyib və qadından üç azyaşlı uşağı ilə Britaniyanı tərk etməsini istəyib.

Digər müraciətdə pəncərə təmizləmə işi ilə məşğul olan sahibkarın sosial şəbəkə hesablarının olmaması şübhə doğuran məqam kimi göstərilib. Halbuki rəsmi tələblərdə belə hesabların olması şərti yoxdur.

Bir başqa ərizəçinin ölümcül Alzheimer xəstəliyi olan atasını görmək üçün Türkiyəyə səfəri də problemə çevrilib. Nazirlik atasının xəstəliyinin əvvəlcədən məlum olduğunu əsas gətirərək səfərin gözlənilməz fövqəladə vəziyyətlə əlaqəli olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin qərarlarına inzibati qaydada yenidən baxılması üçün müraciətlər də çoxalıb. Məlumat azadlığı sorğusu ilə əldə olunan göstəricilərə əsasən, bu müraciətlərin sayı 2025-ci ildə 145 olub, 2026-cı ilin yanvarından avqustun ortalarınadək isə 395-ə çatıb.

Tənqidçilər nazirliyin yanaşmasının “Windrush” qalmaqalı ilə bağlı müstəqil araşdırmanın tövsiyələrinə uyğun olmadığını düşünürlər. Tövsiyələr müraciətlərin qiymətləndirilməsində daha aydın sübut meyarlarının tətbiqini, ərizəçilərlə fəal ünsiyyət qurulmasını və onların çətin şəraitinin nəzərə alınmasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi isə hər bir müraciətə qüvvədə olan qayda və təlimatlar əsasında ayrıca baxıldığını bildirir.