QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Hövsanda həyata keçirilən infrastruktur və liman layihələri, yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə də əhali artımı ərazinin daşınmaz əmlak bazarına təsir göstərə bilər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qəsəbənin yaxın illərdə paytaxtın perspektivli investisiya istiqamətlərindən birinə çevrilə biləcəyini bildirib.

Onun sözlərinə görə, Hövsanda indiyədək beş MİDA yaşayış kompleksi tikilib, gələcəkdə isə yeni layihələr gözlənilir. Ekspert yaxın dövrdə əhalinin ən azı iki dəfə çoxalacağını, həmçinin qəsəbəyə şəhər statusu verilə biləcəyini qeyd edib.

Oruc Beynəlxalq Ticarət Dəniz Limanının Hövsanda yerləşməsini ərazinin iqtisadi potensialı baxımından mühüm amil sayır. Onun bildirdiyinə görə, üç yeni dəmir yolu xəttinin tikintisi başa çatıb, onları əsas dəmir yolu xəttinə bağlamaq üçün işlər görülür. Sahəsi 3 880 kvadratmetr olan müasir qapalı anbar artıq istifadəyə verilib.

Ayda 5 min konteyner tutumuna malik yeni terminalın inşası, eləcə də Ro-Ro gəmilərinin qəbulu üçün körpü infrastrukturunun qurulması planlaşdırılır. Ekspert hesab edir ki, bu işlər Hövsanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində rolunu genişləndirəcək və ərazinin ölkənin iqtisadi-ticari mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər. 2026-cı ilin oktyabrında Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpasına başlanacağı və xəttin liman ərazisinə qədər uzanacağı barədə məlumat da var.

Vüqar Oruc investisiya marağını artıran əsas səbəblər sırasında logistika və nəqliyyatın inkişafını göstərib. Limanın fəaliyyəti, yükdaşımaların artması, anbar təsərrüfatının genişlənməsi və logistika şirkətlərinin çoxalması əraziyə sərmayə axınını sürətləndirə bilər.

Ekspertin qənaətinə görə, əhali artdıqca və ticarət əlaqələri genişləndikcə yeni MİDA binalarının tikintisinə, daşınmaz əmlaka, eləcə də kommersiya sahələrinə tələbat yüksələcək. Bu dəyişikliklərin həm satış, həm də kirayə bazarında müsbət təsir göstərəcəyi gözlənilir.

Orucun sözlərinə əsasən, son on ildə Hövsanda torpağın qiyməti 4-5 dəfə bahalaşıb: əvvəl 2-3 min olan sahələrin dəyəri hazırda 10 minə çatıb. O, bu artımı şəhərə yaxınlıq, infrastrukturun inkişafı və ərazinin gələcək imkanlarına marağın çoxalması ilə əlaqələndirib.

Hövsanda “Hövsan Residence” layihəsinin də inşası nəzərdə tutulur. Vüqar Oruc layihənin kommersiya əhəmiyyətini və qəsəbənin inkişaf perspektivlərinə mümkün təsirini vurğulayaraq, beş ildən sonra torpaq qiymətlərinin indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta biləcəyini bildirib.