QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov dövlət satınalmalarında maraqların toqquşmasının qarşısını almaq məqsədilə süni intellekt və rəqəmsal vasitələrdən daha geniş yararlanmağı təklif edib.

Deputatın Facebook hesabında paylaşdığı məlumata görə, 2025-ci ildə dövlət büdcəsindən satınalmalara 10,8 milyard manat xərclənib. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun 8,4 faizinə bərabər olub.

Bayramov bildirib ki, ötən il 9 965 elektron tender keçirilsə də, satınalmaların ümumi dəyərinin 54,6 faizi, tenderlərin sayının isə 52,4 faizi bir mənbədən satınalmaların payına düşüb.

Onun sözlərinə görə, bir mənbədən alışların ümumi tenderlərdə yarıdan çox paya sahib olması dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşmasına dair meyarların daha diqqətlə nəzərə alınmasını tələb edir.