QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1920-ci il noyabrın 21-də Dublində baş verən hadisələr İrlandiyanın müstəqillik mübarizəsinin ən ağır səhifələrindən birinə çevrildi. Səhər Britaniya kəşfiyyatı ilə əlaqəli şəxslərə hücum edildi, günortadan sonra isə Krouk-Park stadionunda dinc sakinlər öldürüldü. Hadisə sonradan “Qanlı bazar günü” adı ilə tanındı.
Həmin vaxt İrlandiyada Britaniya hakimiyyətinə qarşı silahlı mübarizə aparılırdı. London İRA-nın fəaliyyətini zəiflətmək və təşkilatın rəhbərliyini sıradan çıxarmaq məqsədilə Dublinə xüsusi kəşfiyyat qüvvələri göndərmişdi. Britaniya agentləri müxtəlif adlarla yaşayır, mehmanxana və şəxsi pansionlarda qalırdılar. Onların bir hissəsi daha sonra “Qahirə dəstəsi” kimi tanındı. Qrup İRA-nın rəhbərləri, əlaqələri və gizli fəaliyyəti barədə məlumat toplamağa çalışırdı.
Britaniya kəşfiyyatına qarşı Maykl Kollinzin rəhbərlik etdiyi İRA şəbəkəsi fəaliyyət göstərirdi. Kollinz agentləri izləmək üçün silahlı döyüşçülərlə məhdudlaşmayan geniş müşahidə sistemi qurmuşdu. Mehmanxana qulluqçuları, ofisiantlar, poçt işçiləri, qasidlər və şəhərin müxtəlif yerlərində işləyən sakinlər də şəbəkəyə məlumat ötürürdülər.
Qulluqçular otaqlarda gördükləri şübhəli əşyaları, sənədləri və hərbi geyimləri qeydə alır, poçt işçiləri məktubların gedişini izləyirdilər. Agentlərin müəyyən kafe və mehmanxana barlarında mütəmadi görüşməsi, bir-birləri ilə açıq ünsiyyət qurması da onların kimliyini aşkar etməyi asanlaşdırırdı. Nəticədə İRA Britaniya agentlərinin ünvanları və əlaqələri barədə mühüm məlumat əldə etdi.
Noyabrın 21-i səhər saatlarında İRA-nın xüsusi qrupları Dublinin müxtəlif yerlərində britaniyalı agentlərə eyni vaxtda hücum etdilər. Əvvəlcədən seçilmiş ünvanlara daxil olan silahlılar kəşfiyyat əməkdaşlarını və onlarla əməkdaşlıq edən şəxsləri hədəfə aldılar. Tarixi mənbələrə görə, hücumlarda 14 nəfər öldü, bir neçə nəfər yaralandı. Ölənlər arasında Britaniya kəşfiyyatı ilə bağlı şəxslər və hərbçilər də vardı. Əməliyyat Dublindəki Britaniya kəşfiyyat şəbəkəsinə ciddi zərbə vurdu.
Günün ikinci faciəsi günorta saatlarında Krouk-Park stadionunda yaşandı. Dublin və Tippereri komandalarının futbol matçına təxminən 10 min tamaşaçı gəlmişdi. Səhərki hücumlardan sonra Britaniya qüvvələri şəhərdə geniş əməliyyata başlamış, müxtəlif ərazilərdə nəzarəti artırmışdı.
Saat 15:25 radələrində Britaniya qüvvələri yük maşınları və zirehli texnika ilə stadionun ərazisinə daxil oldular. Onların arasında köməkçi polis dəstələrinin əməkdaşları da vardı. Az sonra atəş səsləri eşidildi. Silahsız tamaşaçılar təşviş içində tribunalardan uzaqlaşmağa və güllələrdən qorunmağa çalışırdılar. Yaranan sıxlıq vəziyyəti daha da ağırlaşdırdı. Atəş təkcə tribunalardakı insanlara deyil, futbol meydanındakılara da tuş gəldi.
Atışma nəticəsində 14 nəfər öldü, onlarla insan yaralandı. Həlak olanlar arasında uşaqlar, qadınlar və futbolçular vardı. On yaşlı uşaq, toyuna bir gün qalmış matça gələn qadın və Tippereri komandasının 24 yaşlı oyunçusu Maykl Hoqan da öldürülənlər arasında idi. Hoqan meydanda güllələndi. Matç faciə ilə yekunlaşdı.
Britaniya hakimiyyəti sərt tədbirlərlə İrlandiya müqavimətini zəiflətməyə çalışsa da, stadiondakı qətliam əks nəticə doğurdu. Silahsız tamaşaçıların, qadınların, uşaqların və idmançıların öldürülməsi hakimiyyətin nüfuzuna zərbə vurdu. Hadisə Britaniya ictimaiyyətində narazılıq yaratdı, parlamentdə müzakirələrə və kəskin tənqidlərə səbəb oldu.
1920-ci il noyabrın 21-i İrlandiya tarixində səhər kəşfiyyatçılara qarşı əməliyyat, günorta isə Krouk-Parkda dinc insanların öldürülməsi ilə yadda qaldı. Bu hadisələr İrlandiya İstiqlal müharibəsinin gedişinə təsir göstərdi. 1921-ci ilin iyulunda tərəflər atəşkəsə nail oldular, dekabrda imzalanmış İngiltərə-İrlandiya müqaviləsi isə İrlandiya Azad Dövlətinin yaradılmasına zəmin yaratdı. Krouk-Parkda həyatını itirənlərin xatirəsi İrlandiyada bu gün də yad edilir.