QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Moskvanın mərkəzində polisin keçirdiyi reyd zamanı təxminən 300 yeniyetmə saxlanılaraq polis bölməsinə aparılıb.
Rusiya Paytaxt Polisinin açıqlamasında bildirilib ki, profilaktik tədbirlər ictimai yerlərdə spirtli içki qəbulunun qarşısını almaq və inzibati xətaları önləmək üçün təşkil olunub. Noyabrın 7-də saxlanılan şəxslər araşdırma aparılması məqsədilə Basmannı rayon polis şöbəsinə gətirilib. Qanun pozuntularına yol verənlərlə bağlı müvafiq tədbirlərin görüləcəyi qeyd edilib.
Moskvanın “Kitay-gorod” ərazisində aparılan kütləvi saxlamalar zamanı bölməyə 300-ə yaxın yeniyetmənin aparıldığı bildirilib. Hadisəni görən şəxslər valideynlərin polis binasına yalnız bir-bir daxil olmasına icazə verildiyini deyiblər.
Saxlanılan yetkin şəxslərə, o cümlədən möhlət hüququ olan tələbələrə hərbi komissarlığa gəlmələri üçün çağırış vərəqələri verildiyi iddia olunur. Saxlanılanlardan biri polis bölməsinin tualetində əməkdaşlarla mübahisə edən bir neçə nəfərin döyüldüyünü söyləyib. Reyd zamanı xüsusilə “qeyri-formal geyimdə” olan gənclərin hədəfə alındığı da bildirilir.
Saxlanılanlara Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi bağlamaq təklifinin edildiyi qeyd olunub. Azadlığa buraxılan şəxslərdən biri və anası Moskvanın mərkəzində bu cür tədbirlərin mütəmadi keçirildiyini, polislərin yeniyetmələrə həftəsonları şəhər mərkəzinə gəlməməyi tapşırdığını bildiriblər.
Elektron siqaret çəkən bir gəncin polis tərəfindən döyüldüyü barədə də məlumat verilib. Bəzi yeniyetmələr fiziki zorakılığa məruz qaldıqlarından şikayət ediblər. Şahidlərin sözlərinə görə, saxlanılanlara su içmək və tualetə getmək imkanı yaradılmayıb; onlar polis bölməsinin həyətində soyuq havada təxminən üç saat növbədə saxlanılıblar.