QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistanın daxili işlər naziri Arpine Sarqsyan Qarabağ ermənilərinin yeni biometrik pasportlarında doğum yerinin “Azərbaycan” kimi göstərilməsi ilə bağlı müzakirələrə münasibət bildirib. O, qərarın beynəlxalq qaydalara əsaslandığını deyib.

Nazirin sözlərinə görə, pasportlarda Qarabağ ermənilərinin tanıdığı yer adlarının qeyd olunması mümkün deyil. Ermənistan vətəndaşlığı alan və Dağlıq Qarabağı könüllü tərk edən şəxslərə verilən yeni biometrik sənədlərdə doğulduqları ölkə kimi “Azərbaycan” göstərilib.

Qarabağdan könüllü gedən, Azərbaycan vətəndaşlığını qəbul etməyən bəzi erməni sakinləri bu qərarla razılaşmır və beynəlxalq qurumlara müraciət etməyi nəzərdə tuturlar. Qərarı tənqid edənlər hesab edir ki, pasportlarda “Azərbaycan” əvəzinə doğulduqları şəhər və kəndlərin əvvəlki erməni adları, o cümlədən Stepanakert, Martuni və Hadrut yazıla bilərdi.

Sarqsyan bunun beynəlxalq qaydalarla ziddiyyət təşkil edəcəyini bildirib. O, Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinə və ölkələrin, eləcə də onların inzibati ərazi vahidlərinin kodlarını müəyyən edən ISO 3166 standartına istinad edib.

Nazirin izahına görə, pasportda doğum yeri bölməsində ölkə və ya konkret yaşayış məntəqəsi göstərilə bilər. Bununla yanaşı, ISO 3166 standartları təsdiqlənmiş toponimlərin siyahısını müəyyən edir.

“ICAO nümayəndələri ilə apardığımız məsləhətləşmələrdən sonra doğum yeri xanasında ölkəni göstərmək qərarına gəldik. Konkret şəhər və ya kəndlərin yazılması sərhəd keçidində çətinlik yarada bilərdi. Ölkə əvəzinə yaşayış məntəqəsi qeyd edilsəydi, Qarabağdan olan soydaşlarımızın işlətdiyi adlar sənəddə yer almayacaqdı, çünki ISO standartları həmin yerlərin Azərbaycan dilindəki adlarının göstərilməsini nəzərdə tutur”, – Arpine Sarqsyan deyib.

Daxili işlər naziri vurğulayıb ki, doğum ölkəsi pasportda vətəndaşın seçiminə uyğun yazılmır. Bu məsələdə miqrasiya qurumları beynəlxalq standartlara əsaslanırlar.