QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yazıçıların, şairlərin və gənc alimlərin sosial şəbəkələrdə daha çox görünməsinin maarifləndirici məzmunun yayılmasına kömək edəcəyini bildirib.
Cəlaloğlu bu barədə açıqlamasında deyib ki, tanınmış yaradıcı şəxslərin bilik və bacarıqlarını geniş auditoriyaya çatdırması cəmiyyətdə intellektual mühitin inkişafına töhfə verə bilər. O, Ramiz Rövşənin də sosial şəbəkələrdə öz səhifəsinin olmasını arzuladığını qeyd edib.
Partiya sədri Kəramət Böyükçölün geniş auditoriyası olduğunu vurğulayıb, lakin Azərbaycanda onunla yanaşı başqa istedadlı qələm adamlarının da mövcud olduğunu söyləyib. Cəlaloğlunun fikrincə, Əjdər Seyidcanlı da sosial şəbəkədə kanal açmalı, Ramiz Rövşən şeirlərini müntəzəm şəkildə paylaşmalıdır. O, gənc şairlərin ifalarını da dinləyicilərə zövq verən nümunələr kimi dəyərləndirib və yaradıcı insanların platformalarda fəal olmasına çağırıb.
Cəlaloğlu bildirib ki, hazırda kitab çapı çətin və bahalıdır, kitab oxuyanların sayı isə azdır. Hər kəsin kitab almaq və ya kitabxanaya getmək imkanı olmadığından, sosial şəbəkələr informasiyaya daha asan, pulsuz və ya daha ucuz çıxış imkanı yaradır. Məzmunun müxtəlifliyi və fərqli təqdimat formaları da istifadəçilərin bu platformalara marağını artırır.
Onun sözlərinə görə, sosial şəbəkələr yalnız əyləncə və gündəlik müzakirə məkanı kimi qalmamalı, dünyagörüşünün genişlənməsinə, mütaliəyə marağın artmasına, elmi və mədəni biliklərin yayılmasına xidmət etməlidir. Cəlaloğlu qeyd edib ki, televiziya və qəzetlər ortaya çıxanda da onların insanlara mənfi təsir göstərəcəyi barədə fikirlər səslənirdi. Zamanla cəmiyyət bu vasitələrdən yararlanmağı öyrəndiyi kimi, sosial şəbəkələrin də faydalı imkanlarını inkişaf etdirmək və cəmiyyətin maraqları naminə istifadə etmək lazımdır.