QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, fərdi yaşayış evi tikintisində tələb olunan prosedur tikilinin ölçülərindən asılıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, əvvəlcə torpaq sahəsinin hüquqi vəziyyəti və evin parametrləri yoxlanılmalıdır.

Tikinti üçün torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiqləyən sənəd tələb olunur. Torpağın təyinatı da yaşayış evi inşa etməyə imkan verməlidir.

Hündürlüyü 12 metri, yerüstü mərtəbələrinin sayı 3-ü, aşırımlarının uzunluğu isə 6 metri aşmayan evlərə məlumatlandırma icraatı tətbiq edilir. Bunun üçün aidiyyəti ərazi üzrə icra hakimiyyəti orqanına elektron müraciət edilməlidir. Sənədlərə 10 gün ərzində irad bildirilməzsə, tikintiyə başlamaq olar.

Müraciətə torpaq sahəsinin hüququnu təsdiqləyən sənəd, memarlıq-planlaşdırma layihəsi və tikinti ərazisinin baş planı əlavə olunmalıdır. Layihədə mərtəbələr, zirzəmi, dam örtüyü, fasadlar və kəsiklər əks etdirilməlidir. Sənədlər şəhərsalma normalarına uyğun tərtib edilməli, qonşu sahələrin və yol ərazilərinin hüquqlarını pozmamalıdır.

Vüqar Orucun sözlərinə görə, layihəni müvafiq lisenziyası olan layihələndirmə şirkəti və ya bu işi görmək hüququna malik mütəxəssis hazırlamalıdır.

Ev 12 metrdən hündür, üçdən çox yerüstü mərtəbəli və ya aşırımlarının uzunluğu 6 metrdən artıq olduqda isə tikintiyə icazə icraatı tələb olunur. Bu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilir.

İcazə üçün torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd və tam tikinti layihəsi təqdim olunmalıdır. Həmçinin sifarişçinin şəxsiyyət vəsiqəsinin surəti, sifarişçi hüquqi şəxs olduqda isə dövlət reyestrindən çıxarış tələb edilir. Qanunvericilikdə nəzərdə tutulan hallarda ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və ekoloji ekspertizanın rəyi də sənədlərə əlavə olunmalıdır.