QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Fransanın həmkarlar ittifaqları noyabrın 17-də ölkə miqyasında yeni ümumxalq tətili keçirməyə çağırış edib. Bu barədə Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine məlumat verib.
Bazar ertəsi yayımlanan bəyanatda dövlət sektoru işçilərinin həmkarlar ittifaqlarını birləşdirən koalisiyanın gələn çərşənbə axşamı səfərbərlik və tətil keçirməyə çağırdığı bildirilib. Tələblərin başlıcası əməkhaqlarının artırılmasıdır.
Bine bildirib ki, maaşlar yüksəlməyən və işçilərin tələbləri qarşılanmayan şəraitdə etirazlar davam edəcək. Onun sözlərinə görə, danışıqlara bütün sahələrdə dərhal başlanmalı, onların nəticəsində əməkhaqları artırılmalıdır.
CGT rəhbəri hökumətin 2026-cı il dekabrın 1-dən minimum əməkhaqqını 23 avro artırmaq planını tənqid edib. Eyni zamanda, 2027-ci il yanvarın 1-dən minimum əməkhaqlarının 18 avro indeksləşdirilməsi nəzərdə tutulur.
Bine qeyd edib ki, Fransada iqtisadiyyatın 200 sahəsindən 122-də minimum əməkhaqqı hələ də rəsmi minimum səviyyədən aşağıdır. O, hökuməti bu müəssisələrdə maaş artımını 2028-ci ili gözləmədən təmin etmək üçün tədbirləri sürətləndirməyə çağırıb.