QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fransada dəmir yolu işçilərinin tətili “Eurostar” şirkətinin Paris-London xətti üzrə bəzi qatar səfərlərinin ləğvi ilə nəticələnib.
Şirkətin rəsmi saytında yayılan açıqlamada qəfil tətil səbəbindən London-Paris istiqamətində reyslərin dayandırıldığı və qatar hərəkətində ciddi pozuntuların yarandığı bildirilib.
“Eurostar” qeyd edib ki, işçilərin həmin gün tətil edəcəyi barədə məlumat şirkətə gecə saatlarında çatıb. Səfəri pozulmuş sərnişinlərə biletlərin dəyərini geri almaq və ya səfərin tarixini dəyişmək imkanı təqdim olunur.
Açıqlamaya əsasən, səhər saatlarında planlaşdırılan ən azı beş qatar reysi ləğv edilib. Brüsseldə də qatarların hərəkətində gecikmələr qeydə alınıb.
Fransalı dəmir yolu işçiləri əməkhaqlarının artırılmasını tələb edərək tətilə başlayıblar. Aksiyaya şirkətlə keçirilən illik danışıqların işçilərin gözləntilərini qarşılamaması səbəb olub.