QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi “PDD Holdings”ə dair araşdırmanı yekunlaşdırıb. Araşdırma rəqabət qaydalarının pozulması ehtimallarını əhatə edib.

Agentliyin məlumatına görə, araşdırma hökmran mövqedən sui-istifadə və rəqabəti məhdudlaşdıran qiymət siyasəti əlamətləri üzrə aparılıb. Həmçinin Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması ehtimalları nəzərdən keçirilib.

Araşdırma nəticəsində qanun pozuntusu faktları və əlamətləri müəyyən edilib. Bununla əlaqədar, rəqabət qanunvericiliyinin pozulması barədə iş başlanması məsələsinə baxmaq üçün rəqabət komissiyasının yaradılması qərara alınıb. İş qaldırılması məsələsinin araşdırılması hazırda davam edir.