QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Çinin GAC şirkəti faydalı iş əmsalı 99,03 faiz olan yeni elektromotor hazırlayıb. “Quark 2.0” adlı mühərrikin istehsalında amorf polad və karbon lifindən yararlanılıb.

Motorun statoru amorf poladdan hazırlanıb. Bu material maqnit enerjisi itkilərini 60-80 faiz azaltmağa imkan verir. Rotor isə 30 min dövr/dəqiqə sürətə tab gətirən karbon lifindən istehsal olunub və onun xüsusi korpusunun qalınlığı cəmi 1 millimetrdir.

Amorf poladın yaratdığı səs-küy və vibrasiya mühəndislərin qarşısında əlavə çətinlik yaradıb. Bu problemin həlli üçün elektromaqnit və konstruktiv optimallaşdırma işləri aparılıb.

Quark 2.0-ın göstəricisi ABB-nin 2025-ci ildə hazırladığı sənaye mühərrikinin 99,13 faizlik rekord faydalı iş əmsalına yaxındır.

Yeni mühərrikin Aion və Hyptec markalı avtomobillərdə, o cümlədən Aion i60 modelində istifadəsi planlaşdırılır. İstehsala başlanıb. Qiymətin münasib qalması üçün mühəndislər illik istehsal həcminin 300-400 min ədədə çatdırılmalı olduğunu bildirirlər.