QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyədə gicitkənli yumurta yeyən bacılardan biri dünyasını dəyişib, digər bacı isə xəstəxanaya aparılıb. Gicitkənin faydalı bitki kimi tanınmasına baxmayaraq, baş verən hadisə insanlarda təəccüb doğurub.

Allerqoloq Aytəkin Həsənzadə bildirib ki, gicitkənə qarşı ağır allergik reaksiya belə nəticəyə səbəb ola bilər. Onun sözlərinə görə, bacılardan birinin orqanizmi daha həssas olduğu üçün bitkiyə dərhal kəskin reaksiya vermiş ola bilər.

Həsənzadə ölümün dəqiq səbəbinin məlum olmadığını vurğulayıb. Əgər ölüm allergiya ilə əlaqəli olubsa, mümkün səbəblərdən biri qırtlaq ödemidir: bu zaman xəstə boğulur və nəfəs almaqda çətinlik çəkir.

Allerqoloq digər ehtimal kimi qidanın qəbulundan saniyələr sonra təzyiqin kəskin enməsi ilə müşayiət olunan aqressiv reaksiyanı göstərib. Belə vəziyyətdə ilkin yardım vaxtında göstərilmədikdə ağır fəsadlar yarana bilər.