QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, diş çəkilişinə görə ödənişin köklərin sayından asılı olaraq dəyişməsi barədə iddialar pasiyentlərdə narazılıq yaradır. Bildirilir ki, iki köklü dişin çəkilməsi 20 manata, üç köklü dişin çıxarılması 30 manata, ağıl dişi üçün isə 40-50 manata başa gəlir.

Stomatoloq Nahid Məhərrəmli xidmət qiymətlərinin dişin ağız boşluğundakı mövqeyinə və vəziyyətinə görə fərqlənə biləcəyini deyib. Onun sözlərinə əsasən, diş tacının salamat qalması, qırılaraq kökün üzə çıxması, kökün əyriliyi və dişin çənə sümüyü ilə birləşməsi çəkilmənin gedişinə təsir göstərir.

Məhərrəmli qeyd edib ki, ağıl dişinin qiyməti müəyyənləşdirilərkən bu amillərlə yanaşı, onun ağız boşluğuna tam çıxıb-çıxmaması, retensiyalı və ya yarımretensiyalı olması, eləcə də qonşu dişlərə paralel, yaxud perpendikulyar yerləşməsi nəzərə alınır.

Stomatoloqun sözlərinə görə, bu xüsusiyyətlər dişin çıxarılmasının nə dərəcədə çətin olacağını müəyyənləşdirir və qiymət fərqinə gətirib çıxara bilər.