QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, son aylarda uşaqlar və böyüklər arasında qusma, ishal, hərarət və kəskin kürək ağrısı ilə müşayiət olunan virus infeksiyalarına tez-tez rast gəlinir. Əlamətlərin oxşarlığı konkret virusun müəyyən edilməsini çətinləşdirir. Mütəxəssislər bir neçə virusun eyni dövrdə yayıla biləcəyini, törədicinin isə laborator analizlərlə üzə çıxarıldığını bildirirlər.

Həkim-pediatr Gülşən Əliyeva yayılan infeksiyalar arasında rotavirus, COVID-19-un mutasiyaya uğramış forması və mövsümi qripin ola biləcəyini deyib. Onun sözlərinə görə, qrip virusu da hər il yeni variantlarla yayılır. Müxtəlif virusların eyni vaxtda dövr etməsi onların klinik əlamətlərini bir-birinə bənzədir.

Əliyeva bildirib ki, xəstədə hansı virusun olduğunu müəyyənləşdirmək üçün uyğun analizlər aparılmalıdır. Bununla belə, analiz nəticələri bəzən üst-üstə düşə, bəzən isə fərqlənə bilər.

Həkimin sözlərinə görə, rotavirus, COVID-19-un mutasiyaya uğramış formaları və qrip zamanı xəstələrin şikayətləri oxşar olur. Müalicə əsasən ümumi prinsiplərə və simptomların aradan qaldırılmasına əsaslanır. Virusun növü və xəstənin vəziyyəti tələb etdikdə etiotrop müalicə də təyin edilir. Xəstəliyin gedişi izlənir, əsas məqsəd ağırlaşmaların qarşısını almaqdır.

Əliyeva infeksion xəstəliklərin başlanğıc, klinik yüksəliş və sağalma mərhələlərindən keçdiyini qeyd edib. Müalicə xəstənin vəziyyətinə uyğun müəyyənləşdirilir və gedişat davamlı nəzarətdə saxlanılır.

Səhiyyə Nazirliyindən bildirilib ki, ölkədə respirator virus infeksiyaları, o cümlədən COVID-19-la bağlı epidemioloji vəziyyət mütəmadi izlənilir. Mövsümi respirator viruslara dair ümumi müşahidə və monitorinq tədbirləri də davam edir.

Nazirliyin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınaraq əhalinin sağlamlığının qorunması üçün nəzarət və profilaktika tədbirləri həyata keçirilir.