QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, uzun müddət kəsilməyən öskürək, səbəbi bilinməyən qızdırma, sidikdə və ya nəcisdə qan, eləcə də orqanizmdə yaranan qeyri-adi dəyişikliklər ciddi xəstəliklərin, o cümlədən xərçəngin ilkin göstəriciləri ola bilər. Ağrının olmaması isə xəstəliyi istisna etmir: bəzi şişlər ilk mərhələlərdə nəzərəçarpan əlamət vermədən inkişaf edir.

Tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov bildirib ki, xərçəng müxtəlif orqanlarda yarana bilər və simptomlar şişin yerləşdiyi nahiyəyə görə dəyişir. Ağciyər xərçənginin mümkün ilkin əlamətləri sırasında uzun sürən öskürək, öskürək zamanı qan gəlməsi və tənəffüslə bağlı dəyişikliklər var.

“Əgər öskürək bir həftədən, 10 gündən artıq davam edirsə və ya iki həftəni keçirsə, mütləq həkimə müraciət etmək lazımdır. Öskürək zamanı qan gəlməsi də ciddi siqnaldır və müayinədən keçməyi tələb edir”, — deyə həkim qeyd edib.

Museyibovun sözlərinə görə, ağrı çox vaxt xəstəliyin gec mərhələlərində üzə çıxa bilər. Buna görə yalnız ağrı və ya başqa ciddi şikayətlər başladıqdan sonra həkimə getmək düzgün deyil.

Dərman qəbuluna baxmayaraq uzun müddət davam edən temperatur da diqqətlə araşdırılmalıdır. Həkim xüsusilə 15-20 gün sürən qızdırmanın səbəbini müəyyənləşdirmək və lazımi müayinələrdən keçmək vacibliyini vurğulayıb. Belə vəziyyətlərdə qan xəstəlikləri və digər onkoloji problemlər də nəzərdən keçirilməlidir.

Onkoloq sidikdə və nəcisdə qan görünməsini də ciddi əlamət adlandırıb. Sidikdə qan aşkarlanarsa, sidik kisəsi və sidik yollarının xəstəlikləri, o cümlədən onkoloji səbəblər araşdırılmalıdır. Nəcisdə qan bağırsaq xəstəlikləri ilə əlaqəli ola bilər. Bununla belə, səbəb yalnız müayinə ilə müəyyən olunur; hemorroy və iltihabi proseslər də qanaxmaya yol aça bilər.

Fərid Museyibov profilaktik müayinələrin də əhəmiyyətinə diqqət çəkib. Şikayətin olmaması müayinədən imtina üçün əsas deyil. Həkim il ərzində bir-iki dəfə müayinədən keçməyi, ehtiyac yarandıqda ultrasəs müayinəsi və ümumi qan analizi etdirməyi tövsiyə edib.

Xərçəng riskini azaltmaq üçün həyat tərzinə diqqət yetirmək də vacibdir. Onkoloq tütün və tütün məhsullarından, o cümlədən gənclər arasında yayılan elektron siqaretlərdən uzaq durmağı, ultraemal olunmuş ət məhsulları və şəkərli içkilərin qəbulunu məhdudlaşdırmağı, müntəzəm fiziki aktivliyi tövsiyə edib. O, həftədə iki-üç dəfə idmanla məşğul olmağın bir sıra onkoloji xəstəliklərin yaranma riskini azaltmağa kömək etdiyini bildirib.

Sadalanan əlamətlər özlüyündə xərçəng diaqnozu sayılmır. Lakin davam edən və səbəbi aydın olmayan dəyişikliklər olduqda gecikmədən həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz bir çox onkoloji xəstəliyin müalicəsində uğur ehtimalını yüksəldir.