QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, kardioloq Günay Rəhimova qışda isti hamam və saunadan istifadənin ürək-damar problemləri olan şəxslər üçün təhlükə yarada biləcəyini bildirib.

Soyuq havalarda isinmək və dincəlmək məqsədilə belə məkanlara üz tutanların sayı artır. Həkimin sözlərinə görə, yüksək temperatur damarları genişləndirir, arterial təzyiqə təsir edir və ürəyin yükünü artıra bilər. Mövcud ürək xəstəliyi olanlarda bu dəyişikliklər ciddi fəsadlara səbəb ola bilər. Sağlam şəxslərdə də bayılma və ürək ritminin pozulması mümkündür; damar anomaliyaları olanlar üçün risk daha yüksəkdir.

Rəhimova vurğulayıb ki, ürəkdə şikayətin olmaması xəstəliyin olmadığı anlamına gəlmir. Xüsusən ailədə 40–50 yaşlarında qəfil vəfat edənlər, yaxud gecə yatıb səhər oyanmayan və ölüm səbəbi bilinməyən yaxın qohumlar varsa, müayinədən keçmək vacibdir.

Belə hallarda kardioloqa müraciət edilməsi, EKQ, EKO, xolesterin analizləri və həkimin uyğun gördüyü başqa yoxlamaların aparılması tövsiyə olunur. Zərurət yaranarsa, damarların vəziyyətini dəyərləndirmək üçün KT-angioqrafiya da təyin edilə bilər. Hansı müayinələrin lazım olduğunu həkim müəyyənləşdirir.

Həkim bildirib ki, bu yoxlamalar 20–30 dəqiqə çəkə bilər və ürəyin vəziyyəti barədə məlumat verir. Bəzi genetik xəstəliklər əlamət göstərmədən inkişaf edir, ilk təzahürü isə qəfil ürək dayanması, hətta ölüm ola bilər.

Rəhimovanın sözlərinə görə, həmin genetik xəstəliklər Azərbaycanda da geniş yayılıb. Qohum evliliyi irsi xəstəliklərin yayılması riskini artıra bilər. Yağlı və duzlu qidaların çox istehlakı, eləcə də piylənməyə meyillilik ürək-damar xəstəliklərinin daha erkən yaşlarda ortaya çıxmasına şərait yarada bilər. O, xüsusilə ailəsində erkən yaşda qəfil ölüm baş verən şəxsləri profilaktik müayinələri təxirə salmamağa çağırıb.