QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, şəxsiyyət vəsiqəsi ilə kredit hesabına qəbir daşı əldə etmək təklifləri sosial şəbəkələrdə yayılan reklam görüntülərində yer alıb. Bu imkanın dini baxımdan uyğunluğu ilə bağlı Heydər məscidinin imamı Rüfət Qarayev fikirlərini açıqlayıb.
Reklam məlumatına əsasən, qəbir daşını üç aydan 24 aya qədər müddətə, yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə götürmək mümkündür. Müştərinin adına aktiv gecikmə olmaması tələb edilir. Belə gecikmə olduqda isə krediti başqa şəxsin adına rəsmiləşdirmək təklif olunur.
Rüfət Qarayev bildirib ki, qəbir daşını kreditlə qoydurmaq yolverilməzdir. Onun sözlərinə görə, əsas məsələ müsəlmanın şəriət qaydalarına uyğun dəfn edilməsidir.
İmam xüsusi daşların, mərmərdən hazırlanmış nümunələrin, türbələrin və abidələrin qoyulmasının tövsiyə olunmadığını vurğulayıb. Bu səbəbdən belə məqsədlə kredit və ya borc götürməyi düzgün saymadığını qeyd edib.
Qarayev əlavə edib ki, İslam dinində qəbir daşı qoymaq vacib deyil. Qəbir yerlərinin zaman keçdikcə itməsi tövsiyə olunur.