QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyevlə bağlı qətimkan tədbirləri barədə təqdimatlara baxıb.
Qərara görə, Elşən Usubov 2 ay 11 gün müddətinə həbs edilib. Nazim Məmmədov və Mahir Mirzəyev barəsində isə ev dustaqlığı seçilib.
İstintaq materiallarında bildirilir ki, kompleksin istehsalat sahəsində istifadə müddəti başa çatmış toyuq əti və dondurulmuş toyuq hissələri aşkarlanıb. Həmçinin məhsulların üzərində istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilib.
Cinayət işi üzrə Elşən Usubov, Nazim Məmmədov və Mahir Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.