QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində iki azərbaycanlı qardaşın qətlində şübhəli bilinən şəxs saxlanılıb. Hadisə ötən gün baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs noyabrın 5-də əvvəldən mövcud olan münaqişə səbəbindən odlu silahla bir neçə dəfə atəş açıb. Nəticədə iki nəfər yaralanıb, hücum edən şəxs isə hadisə yerindən uzaqlaşıb. Yaralıların hər ikisi aldıqları xəsarətlərdən ölüb. Polis hadisədə işlədilən silahı sübut kimi götürüb.
İş iki nəfərin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi maddəsi ilə araşdırılır. Saxlanılan şəxs 20 ilədək və ya ömürlük həbs cəzası ala bilər.
Atışmadan sağ çıxan və öldürülənlərin qardaşı olan Elman Usubov yerli mediaya bildirib ki, avtomobilin arxasında gizlənərək xilas olub. Onun sözlərinə görə, qardaşları silahla qəsdən öldürülüb. Usubov hadisənin səbəbi barədə suala konkret cavab verə bilməyib.