QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 6-sı Azərbaycanda televiziya və radio əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu tarix Azərbaycan Televiziyası və Radiosu Günüdür.
Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb. Bununla da ölkənin mətbuat tarixində yeni mərhələnin əsası qoyulub.
Televiziyanın yaranmasından sonra noyabrın 6-sı radio ilə yanaşı, teleradionun da yaranma günü kimi qeyd edilməyə başlanıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də yayıma çıxıb. İlk verilişdə mərhum sənətkar Nəcibə Məlikova ekranda görünərək sözlərinə “Göstərir Bakı” ifadəsi ilə başlayıb. Həmin gün tamaşaçılara “Bəxtiyar” bədii filmi təqdim olunub.
Azərbaycan teleradiosu illər ərzində milli-mənəvi dəyərlərin yayılmasına, ictimai fikrin formalaşmasına və əhalinin məlumatlandırılmasına töhfə verib.
Hazırda ölkədə televiziya və radio sahəsi inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarından istifadə genişlənir.