QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İsveçrədə dondurulmuş Rusiya aktivlərinin ümumi dəyəri 8,5 milyard İsveçrə frankına, yəni 10,2 milyard dollara çatıb.
İsveçrə hakimiyyətinin açıqladığı rəqəm 2025-ci ilin aprelində qeydə alınan 7,4 milyard frankla müqayisədə 15 faiz yüksəkdir. Artım yeni aktivlərin dondurulması və qızıl formasında saxlanılan bəzi aktivlərin bahalaşması ilə izah olunur.
Ukraynada müharibənin başlanmasından sonra Qərb dövlətləri Rusiyaya sanksiyalar tətbiq edib. Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları dondurulub, bankın ehtiyat və aktivlərinin idarə olunması əməliyyatları isə məhdudlaşdırılıb.
Avropa İttifaqı və G7 ölkələrinin dondurduğu Rusiya aktivlərinin həcmi təxminən 300 milyard avro təşkil edir.