QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Türkiyənin Gabar bölgəsində iki yeni sahə üzrə ümumilikdə 135 milyon barel neft ehtiyatı potensialı müəyyənləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra təşkil etdiyi mətbuat konfransında məlumat verib.

Ərdoğanın sözlərinə görə, hazırda Gabar ərazisində ölkənin ən keyfiyyətli nefti sayılan 75,4 milyon barel neft hasil olunur.

Prezident bildirib ki, Qara dənizdən çıxarılan təbii qaz hazırda 4 milyon ev təsərrüfatının ehtiyacını qarşılayır. “Osmangazi” gəmisinin fəaliyyəti ilə bu sayın 8 milyona yüksəldilməsi planlaşdırılır.

Ərdoğan 2027-ci ilin ikinci yarısında bölgədə təqribən 230 quyunun istismara verilməsindən sonra gündəlik neft hasilatının 100 min bareli keçəcəyini gözlədiklərini deyib.

Onun qeyd etdiyinə görə, bu hasilat Türkiyə iqtisadiyyatına ildə 4,4 milyard dollar qazandıracaq.