QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, duzun rəngi və görünüşü onun yodlaşdırıldığını müəyyən etməyə imkan vermir. Məhsul seçərkən etiket məlumatlarını, tərkibini və qablaşdırmanın bütövlüyünü yoxlamaq vacibdir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, çox duz qəbul etmək orqanizmin yod ehtiyacının ödənildiyi anlamına gəlmir. Marketlərdə yodlaşdırılmış, dəniz, qaya və Himalay duzu satılsa da, onların sağlamlıq baxımından fərqi barədə seçim zamanı suallar yaranır.

Hüseynovanın sözlərinə görə, yod qalxanabənzər vəzinin fəaliyyəti və hormonların yaranması üçün zəruri mikroelementdir. Bu element uzun müddət çatışmadıqda vəz böyüyə, endemik zob yarana bilər.

Ümumdünya Səhiyyə Təşkilatının əsas yanaşmalarından biri gündəlik istehlak edilən duzun yodlaşdırılmasıdır. Bu, əhalinin yodla təmin olunmasına xidmət edir. Gündəlik ümumi ehtiyac təxminən 150 mikroqramdır, lakin hamiləlik və laktasiya dövründə bu göstərici dəyişir. Qida ilə yetərli yod alınmadıqda, həkim məsləhəti əsasında əlavə preparatlar təyin edilə bilər.

Mütəxəssis Masazır duzunun yodla zənginliyi barədə konkret məhsul üzrə nəticə olmadan ümumi qənaətə gəlməyin doğru olmadığını qeyd edib. Bunun üçün həmin partiyanın laborator analizlərinə baxılmalı, yodlaşdırma barədə məlumat isə etiket və laborator nəzarətlə təsdiqlənməlidir.

Yodlaşdırılmış duzda bu elementin miqdarına saxlanma şəraiti təsir göstərə bilər. Temperatur və rütubət, qablaşdırmanın materialı və bütövlüyü, həmçinin məhsulun saxlanma müddəti yodun azalmasına gətirib çıxara bilər. Buna görə duzu müvafiq şəraitdə saxlamaq lazımdır.

Yodun başqa qida mənbələri də var. Dəniz məhsulları, balıq, süd məhsulları və yumurta bu elementlə zəngin hesab olunur. Rasiona kələm, gül kələmi və brokkoli kimi tərəvəzlərin daxil edilməsi də tövsiyə edilir. Yod əlavələri isə ehtiyac müəyyənləşdirildikdən sonra həkim və ya mütəxəssislə məsləhətləşərək qəbul olunmalıdır.

Hüseynova vurğulayıb ki, duzun rəngi, dadı və zahiri görünüşü onun yodlaşdırılıb-yodlaşdırılmadığını göstərmir. Alıcılar etiketdə kalium yodat və ya kalium yodidin qeyd olunmasına, eləcə də yodun miqdarı barədə məlumata baxmalıdırlar.

Bundan başqa, son istifadə tarixi və saxlanma şəraiti yoxlanmalı, qablaşdırmanın salamatlığına əmin olunmalıdır. Cırılmış və ya deşilmiş qabda olan duzu almaq məsləhət görülmür. Seçim zamanı məhsulun təbii görünməsinə deyil, yodlaşdırılmasına, tərkibinə və keyfiyyət göstəricilərinə əsaslanmaq tövsiyə olunur.