QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, kredit borcunu ödəmədən ölkəni tərk etmək öhdəliyi aradan qaldırmır. Borclunun xaricdə yaşaması bankın tələb irəli sürməsinə mane olmur, faiz və gecikmə cəriməsi isə hesablanmağa davam edir. Vəkil Turan Abdullazadə məsələ ilə bağlı “Yeni Sabah”a müsahibəsində mümkün hüquqi nəticələrdən danışıb.

Abdullazadənin sözlərinə görə, kredit müqaviləsi Mülki Məcəllə ilə tənzimlənən öhdəlikdir və borclunun yaşadığı yerdən asılı olmayaraq qüvvəsini saxlayır. Sərhədi keçmək borcu ləğv etmir. Zamin olduqda bank tələbi ona yönəldə bilər və borcun yükü yaxın şəxslərin üzərinə düşə bilər.

Bank borcun tutulması üçün məhkəməyə müraciət edə və ya notariusun icra qeydindən istifadə edə bilər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılan borclu gəlməsə də, işə onun iştirakı olmadan baxıla bilər. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, tələbkar notariusa icra qeydi üçün müraciət etməzdən azı 20 gün əvvəl borcluya sifarişli poçtla bildiriş göndərməlidir. Xaricdə yaşayan şəxs bildirişi almaya və məhkəməyə müraciət edilmədən icra prosesi başlaya bilər. Bununla belə, icra qeydi məhkəmədə mübahisələndirilə bilər.

İcra sənədi könüllü icra üçün ayrılmış müddətdə üzrlü səbəb olmadan yerinə yetirilməzsə, 84-1-ci maddəyə uyğun olaraq, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə borclunun ölkədən çıxışını müvəqqəti məhdudlaşdıra bilər. Qərar qəbul edilən kimi qüvvəyə minir və şikayət verilməsi onun icrasını dayandırmır. Qanun borcun minimum məbləğini müəyyən etməyib; parlamentdə belə həddin tətbiqi təklif edilsə də, qəbul olunmayıb.

Şəxs artıq ölkə xaricindədirsə, məhdudiyyət onun Azərbaycana gəlməsinə mane olmur, lakin ölkəyə qayıtdıqdan sonra yenidən çıxış edə bilməz. Borc ödənəndə bu barədə məlumat dərhal “Elektron icra” sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” sisteminə ötürülür, bundan sonra məhdudiyyət götürülür. Borc məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestrində mənfi tarixçə kimi qalır. Azərbaycan məhkəməsinin qərarı xarici ölkədə ikitərəfli hüquqi yardım müqavilələri və MDB çərçivəsində 1993-cü il Minsk Konvensiyası əsasında tanına və icra oluna bilər.

Vəkil bildirib ki, borclunun ölkədə olmaması onun əmlakına və bank hesablarına həbs qoyulmasına mane deyil. Məhkəmə prosesi zamanı bank iddianın təminatı üçün belə tədbir istəyə bilər. İcra mərhələsində daşınmaz əmlak, avtomobil və hesablar həbs olunaraq hərraca çıxarıla bilər. Hesablardan vəsait tutulması artıq elektron qaydada aparılır: icra məmurunun bank, kredit və elektron pul təşkilatlarında olan vəsaitə yönəlik qərarı “Elektron icra” sistemi ilə göndərilir. Bu səbəbdən Azərbaycandakı karta daxil olan pul da tutula bilər.

Kredit ipoteka ilə təmin edilibsə, bank girov əmlakını satışa çıxara bilər. Ailə üzvlərinin şəxsi əmlakı borca görə tutula bilməz; birgə əmlakda isə yalnız borclunun payına həbs qoyula bilər.

Abdullazadənin qeyd etdiyinə görə, borcu ödəmək imkanının olmaması, məsələn, iş itkisi, xəstəlik və ya gəlirin azalması özlüyündə cinayət sayılmır və mülki-hüquqi məsələdir. Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 4 nömrəli Protokolu müqavilə öhdəliyini yerinə yetirə bilmədiyinə görə şəxsin azadlıqdan məhrum edilməsini qadağan edir.

Cinayət məsuliyyəti isə üç halda yarana bilər. Kredit götürərkən onu qaytarmamaq niyyəti olubsa, saxta arayış və ya uydurma gəlir məlumatı təqdim edilibsə, bu, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq kimi qiymətləndirilə bilər. Böyük məbləğdə kredit götürdükdən sonra qısa müddətdə ölkəni tərk etmək və heç bir ödəniş etməmək istintaq üçün əvvəlcədən qəsdin ciddi sübutu ola bilər; məbləğ artdıqca məsuliyyət də ağırlaşır.

Məhkəmə qərarını icra etməmə ilə bağlı 306-cı maddə üzrə cinayət tərkibi, Konstitusiya Məhkəməsinin izahına əsasən, şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yarana bilər. Yəni əvvəl inzibati tənbeh tətbiq edilməli, sonra qərəzli icra etməmə baş verməlidir. Maddənin qeyd hissəsinə görə, şəxs məhkəmə aktını hökm qanuni qüvvəyə minənədək tam yerinə yetirərsə, cinayət məsuliyyətindən azad olunur. Həbs qoyulmuş əmlakın satılması, gizlədilməsi və ya ölkədən çıxarılması isə 303-cü maddə üzrə məsuliyyət yarada bilər.

Borcdan yayınmaq məqsədilə ölkədən getmək nəticəsində borc arta, əmlak hərraca çıxarıla və zaminlər məsuliyyət daşıya bilər. Şəxs Azərbaycana qayıtdıqda ölkədən çıxışına məhdudiyyətlə üzləşə bilər. Əməl dələduzluq hesab edilərsə, cinayət işi başlana, şəxs axtarışa verilə və barəsində qiyabi həbs qətimkan tədbiri seçilə bilər. Azərbaycan Ekstradisiya haqqında Avropa Konvensiyasının və MDB hüquqi yardım sazişlərinin iştirakçısıdır; ağır iqtisadi cinayətlər üzrə İnterpol vasitəsilə axtarış elan oluna bilər. Ekstradisiya qaydaları ölkədən ölkəyə dəyişir.