QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında silsilə tədbirlər təşkil edilib. Tədbirlərin təşəbbüskarı Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olub.
Təşkilatçıların məqsədi tarixi Qələbənin önəmini xatırlatmaq, gənclər arasında vətənpərvərlik hissini möhkəmləndirmək, milli birlik və həmrəyliyi təşviq etmək, həmçinin Zəfər Gününün geniş şəkildə qeyd olunmasına şərait yaratmaq olub.
Proqramın əsas tədbirləri noyabrın 8-də keçirilib. Saat 11:00-da Ağdam şəhərindəki “Ağdam City Hotel”də, Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbdə, Xocavənddə isə 1 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş tədbirlər baş tutub.
İştirakçılar konsert proqramlarına baxıb, məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Ağdam və Füzulidə “Zəfər rəqsi” bədii filmi nümayiş etdirilib. Xocavənddə Ağdam Dövlət Dram Teatrının səhnələşdirdiyi “Mübariz” tamaşası təqdim olunub.
Tədbirlərdə dövlət rəsmiləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və yerli sakinlərlə yanaşı, Prezidentin xüsusi nümayəndəliyinin, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Təşkil olunan proqramların xalqın tarixi Qələbəsinin əhəmiyyətini gələcək nəsillərə çatdırmağa, milli qürur və vətənpərvərlik duyğularını gücləndirməyə xidmət etdiyi bildirilib.