QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Almaniyanın qərbində yerləşən Krefeld şəhərində 23 ton nitrat turşusu daşıyan sisternin aşması kimyəvi maddə sızıntısına səbəb olub və bölgədə həyəcan elan edilib.
Polis və yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisə gecə yarısı Berliner küçəsində, A57 magistralının giriş rampasında baş verib. Qəza yerinə çoxsaylı polis və yanğınsöndürən briqadaları, həmçinin kimyəvi maddələr üzrə mütəxəssislər göndərilib. Vaxtında görülən müdaxilə daha böyük kimyəvi fəlakətin qarşısını alıb.
Krefeld Bələdiyyəsi “NINA” tətbiqi vasitəsilə əhaliyə ən yüksək səviyyəli təhlükə xəbərdarlığı çatdırıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Nitrat turşusunun güclü aşındırıcı xüsusiyyətini nəzərə alaraq, sızmanın yayıldığı ərazidəki sakinlərə evlərində qalmaq, pəncərə və qapıları bağlamaq, havalandırma və kondisioner sistemlərini işlətməmək barədə göstəriş verilib.