QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, qlobal gübrə bazarında qiymətlərin yüksəlməsi Azərbaycanın idxal etdiyi bəzi gübrələrin son dövrdə 25-35 faiz bahalaşmasına gətirib. Müharibələr, Azərbaycanın əsas ticarət tərəfdaşlarının yerləşdiyi bölgələrdəki qarşıdurmalar və təchizat zəncirindəki çətinliklər artıma təsir göstərir.

Qiymət yüksəlişi fermerlərin xərclərini artırır. Gübrədən istifadənin azaldılması isə məhsulun həcmi və keyfiyyəti ilə bağlı riskləri gücləndirir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, gübrələr bahalaşdıqca fermerlər onlardan daha az istifadə edir və bu, məhsuldarlığa birbaşa təsir göstərir.

Onun sözlərinə görə, Rusiyadan idxal edilən azot gübrəsinin bir tonu əvvəl 31 manata satılırdı, indi isə qiymət 43 manata çatıb. Azərbaycanda istehsal olunan karbamid də bahalaşıb.

Məhərrəmli fermerlərin xərclərin artmasına baxmayaraq, gübrədən istifadəyə davam etməli olduğunu deyib: “Əslində, indi baha da olsa, gübrəni alıb məhsuldarlığı artırmalıdırlar. Onlar qazanclarını yalnız məhsuldarlığın artırılması hesabına artıra bilərlər”.

Mütəxəssisin qənaətinə görə, gübrə qiymətlərinin yüksəlməsi taxılçılıq, tərəvəzçilik və meyvəçilik daxil olmaqla, kənd təsərrüfatının bütün sahələrinə mənfi təsir göstərə bilər.