QafqazNews Manset.az-a istinadən xəbər verir ki, insanın gün ərzində ehtiyac duyduğu mayenin miqdarı yaşından, fiziki aktivliyindən və bədən quruluşundan asılıdır. Mütəxəssislər həm az maye qəbulunun, həm də qısa müddətdə həddindən artıq su içməyin sağlamlığa zərər vura biləcəyi barədə xəbərdarlıq edirlər.
Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) normalarına görə, 6-12 aylıq körpələr üçün gündə 800-1000 ml, 1-2 yaşlı uşaqlara 1100-1200 ml, 2-3 yaşlılara 1300 ml, 4-8 yaşlılara isə 1600 ml maye tövsiyə edilir.
9-13 yaş qrupunda gündəlik norma qızlar üçün 1900 ml, oğlanlar üçün 2100 ml-dir. 14 yaşdan yuxarı qız və qadınlara 2000 ml, oğlan və kişilərə 2500 ml maye məsləhət görülür. Hamiləlik dövründə bu miqdar 2300 ml, südvermə zamanı isə 2700 ml təşkil edir. Altı aylığadək körpələr üçün norma hər kiloqram çəkiyə 100-190 ml-dir.
Bu göstəricilər təkcə suyu əhatə etmir: gündəlik hesablamaya çay, qəhvə, başqa içkilər və qidalardan alınan maye də daxildir. Sağlam, altı aylığadək körpələr ana südü və ya düzgün hazırlanmış süni qida qəbul edirsə, onlara, adətən, əlavə su lazım olmur. Əlavə qidaya başlanandan sonra isə az miqdarda su təklif edilə bilər.
Maye çatışmazlığı susuzluq, ağızda quruluq, baş ağrısı, yorğunluq və başgicəllənmə ilə özünü büruzə verə bilər. Sidiyin azalması və tünd rəng alması da susuzlaşmanın göstəricilərindəndir. Ağırlaşma baş verdikdə qan dövranı pozula, təzyiq enə və böyrəklərin fəaliyyəti riskə düşə bilər.
Susuzlaşma baxımından körpələr və yaşlılar daha həssas qruplardır. Körpələr ehtiyaclarını bildirə bilmədiyindən, yaşlı insanlarda isə susuzluq hissi zəifləyə bildiyindən onlara xüsusi diqqət yetirmək lazımdır.
Eyni zamanda, qısa müddətdə həddən artıq maye içmək böyrəklərin artıq suyu xaric etmək imkanını aşa bilər. Bu, qandakı natriumun kəskin azalmasına və hiponatremiyaya gətirib çıxara bilər. Ürəkbulanma, qusma, baş ağrısı və əzələ zəifliyi müşahidə oluna, ağır vəziyyətlərdə qıcolma və huşun itirilməsi baş verə bilər.
Gündəlik maye ehtiyacını yalnız adi su ilə qarşılamaq vacib deyil. Şəkərsiz bitki və meyvə çayları, qəhvə, süd və şorbalar, eləcə də xiyar, pomidor, qarpız və portağal kimi su miqdarı yüksək qidalar da maye balansına töhfə verir.