QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Azərbaycana beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin səfəri ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, müxtəlif ölkələri təmsil edən qadınlardan ibarət heyət Bakıya gələrək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək istəyir. Səfərin məqsədi məhbuslara ailələrinin məktublarını, fotolarını və bağlamalarını çatdırmaqdır.
Zonabend bildirib ki, səfərə hazırlıq davam edir. Nümayəndə heyəti lazımi razılaşmalar əldə ediləndən sonra Bakıya gəlməyə hazırdır.
O, məhbuslara ünvanlanmış 1254 məktubun müxtəlif şəxslər tərəfindən toplandığını və oktyabrın 1-də Ermənistan hökumətinə təqdim olunduğunu da qeyd edib. Məktubların Bakıya çatdırılmasına yardım göstərilməsi istənilib.
“Bizim məqsədimiz dəyişməz olaraq qalır: yaxınlarımızı görmək və məhbusların ailələri ilə əlaqəsini bərpa etmək istəyirik”, – deyə Zonabend vurğulayıb.