QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Almaniyanın Volkswagen avtomobil şirkəti keçmiş top-menecerlərindən birinə təxminən 300 min avro əməkhaqqı kompensasiyası ödəməlidir. Qərarı Aşağı Saksoniyada yerləşən Braunşveyq Əmək Mübahisələri Məhkəməsi çıxarıb.
Keçmiş rəhbər əməkdaş daxili məlumatları yaymaqda şübhəli bilinərək işdən çıxarılmışdı. Məhkəmənin qənaətinə görə, şirkət ona təxminən bir illik maaşını ödəməlidir. Sentyabrda oxşar mübahisədə başqa bir top-menecerin xeyrinə qərar verilmiş, Volkswagen-in ona 200 min avroya yaxın məbləğ ödəməsi müəyyən edilmişdi.
Hər iki iş üzrə kompensasiya işdən çıxarma prosedurunun qanunsuz dəyişdirilməsi nəticəsində yaranmış gəlir itkisinə aiddir. Məhkəmə bildirib ki, işçiləri xəbərdarlıq müddətinə əməl etmədən dərhal işdən çıxarmaq üçün şirkətin hüquqi əsası olmayıb. Bununla yanaşı, adi qaydada xitam vermə qanuni sayılıb.
Beləliklə, işəgötürən qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətində əməkdaşlara çatmalı olan ödənişləri etməlidir.
Volkswagen rəhbərliyi keçmiş əməkdaşları məxfi sənədləri icazəsiz olaraq kənar şəxslərə ötürməkdə ittiham edib. Şirkətin iddiasına görə, onlar “Crafter” və “Grand California” kommersiya modelləri ilə bağlı daxili audit hesabatlarını media nümayəndələrinə və dövlət qurumlarına, o cümlədən Aşağı Saksoniya Cinayət Polisi İdarəsinə göndəriblər.
Şirkət bu addımları əmək öhdəliklərinin ciddi pozuntusu kimi qiymətləndirərək, məhkəmədə cavabdehlərdən vəkillik xərclərinə görə 380 min avro tələb edib. Məhkəmə həmin tələbi təmin etməyib.
Məhkəmə, həmçinin keçmiş menecerlərin hüquq-mühafizə orqanlarına konkret hansı məlumatları verdiyinin müəyyənləşdirilməsi barədə avtomobil istehsalçısının müraciətini də rədd edib.