QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda alkoqolsuz içkilər istehsal edən “Sunbeverage” MMC-nin açılışına qatılıblar.
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verib.
Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılmış istehsal sahəsində qazlı və qazsız su, soyuq çay, meyvəli, vitaminli və azkalorili içkilər hazırlanacaq. 10 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 150 min ton təşkil edir. Məhsulların ölkə daxilində satılması, eləcə də xarici bazarlara çıxarılması planlaşdırılır.
İstehsalatda İtaliyada hazırlanmış müasir avadanlıq quraşdırılıb. Proses suyun təmizlənməsi ilə başlayır, daha sonra şərbət hazırlanır, qarışdırma və qazlaşdırma aparılır. Məhsullar plastik butulkalara və şəffaf qida qablarına doldurulur, qapaqlanır, etiketlənir və qablaşdırılır.
Layihənin dəyəri 70 milyon manatdır. Özəl vəsait və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, 5 milyon manatlıq kredit üçün zəmanət və faiz subsidiyası mexanizmi tətbiq olunub.
Müəssisədə 300 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin Şərqi Zəngəzurda qida sənayesinin inkişafına, məşğulluğa və Azərbaycanın ixrac imkanlarının genişlənməsinə töhfə verəcəyi bildirilib.