QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində AFFA U-12 Qızlar Liqasının açılış mərasimi təşkil olunub. Bu liqa regionda ilk dəfə keçirilir.
Tədbirə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rövşən Qasımov qatılıblar. Mərasimdə, həmçinin qadınlardan ibarət Azərbaycan yığmasının futbolçuları Ayşən Əhmədova və Kamilla Məmmədova iştirak ediblər.
Turnirdə səkkiz komanda mübarizə aparacaq. İştirakçıların əksəriyyətini AFFA-nın keçirdiyi “FIFA Campaign Festival” və “UEFA Məktəbli Qızlar Turniri”ndə çıxış etmiş futbolçular təşkil edir.
Liqa regionda qızlar futbolunun inkişafına təkan vermək, bu idman növünə marağı yüksəltmək və yeni istedadların aşkarlanmasına imkan yaratmaq məqsədi daşıyır.