QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Litva Azərbaycan vətəndaşları üçün viza prosedurlarını asanlaşdırmaq istiqamətində işə başlamaq niyyətindədir.

Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında məlumat verib. Budris viza qaydalarının sadələşdirilməsini iki ölkənin münasibətlərində konkret nəticə verməsi gözlənilən sahələrdən biri kimi qeyd edib.

“Danışıqların başlanğıc mərhələsindəyik. Bununla belə, düşünürəm ki, hər iki tərəf səfərləri asanlaşdıran, insanlar arasında əlaqələri artıran və qarşılıqlı anlaşmanı gücləndirən şərait yarada bilər”, – nazir bildirib.

Budrisin xatırlatdığına görə, Litvanın Avropa Birliyi Şurasına sədrliyi 2027-ci il yanvarın 1-də başlayacaq. Vilnüs sədrliyi dövründə 27 üzv dövlətin hamısının qəbul edə biləcəyi həllərin tapılmasına, eləcə də AB-nin Azərbaycan da daxil olmaqla tərəfdaşları ilə münasibətlərinin möhkəmlənməsinə dəstək vermək istəyir.

“Cənubi Qafqazın əsas ölkəsi Azərbaycanla əlaqələrin gücləndirilməsi Avropa Birliyi və Avropa dövlətlərinin ümumi maraqlarına uyğundur”, – Budris deyib.

Onun sözlərinə görə, AB başqa ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrin və investisiyaların artırılmasında maraqlıdır. Birlik, həmçinin sabitliyin möhkəmləndirilməsinə və rifahın yüksəlməsinə töhfə verməyə çalışır.

Budris Azərbaycanla AB arasında strateji tərəfdaşlıq sazişi barədə məsələnin də bu çərçivədə nəzərdən keçirilə biləcəyini bildirib.

Nazir energetika və nəqliyyat əlaqələri üzrə strateji layihələrin Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyanı da Avropaya yaxınlaşdıracağını, müxtəlif sahələrə Avropa investisiyalarının cəlb edilməsinə imkan yaradacağını vurğulayıb. O, tranzit marşrutlarının şaxələndirilməsi baxımından Orta Dəhlizin inkişafını xüsusi əhəmiyyətli sayıb.

Budrisin sözlərinə görə, diplomatlar tərəfdaşlığın prioritetlərini və onun Avropa Birliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması imkanlarını müzakirə edirlər.