QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İranla müharibəyə qarşı çıxanların “Şeytanın təsiri altında” olması barədə fikirləri sərt etirazla qarşılanıb. Diplomatın vəzifəsindən kənarlaşdırılması çağırışları da səsləndirilib.
Hakabi israilli aparıcı Amir Sarfatinin “The Anchor” podkastında şeytanın İranla müharibəni tənqid edənlərin “zehnini kor etdiyini” və “düşüncələrini ələ keçirdiyini” söyləyib. O, hərbi əməliyyatlara qarşı olanların “mənəvi qaranlıq” və “mənəvi korluq” içində olduqlarını iddia edib.
Müsahibədən həmin hissə sosial şəbəkələrdə geniş yayılıb. Bəyanat ABŞ-də keçirilən son aralıq seçkilərdən sonra müzakirə olunub. Seçkilərin nəticələri Donald Tramp administrasiyasının siyasətinə, o cümlədən İrana qarşı hərbi kampaniyaya münasibətin göstəricisi kimi geniş şərh edilib.
Mühafizəkar “The American Conservative” nəşrinin baş redaktoru Endryu Dey diplomatın açıqlamasına istehza ilə yanaşıb: “Səfirin bu cür şeylər deməsi bir az gülməli səslənir”.