QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, məhkəmə əmri barədə ərizəyə görə tutulan dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi təklif olunur.
Dəyişiklik “Dövlət rüsumu haqqında” qanuna dair layihədə əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında müzakirə edilib.
Layihədə qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin rüsumunun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanması da nəzərdə tutulur.
Hazırda məhkəmə əmri barədə ərizə üçün 100 manat dövlət rüsumu ödənilir. Qiyməti 1000 manatadək olan iddia ərizəsinə görə rüsum 30 manatdır. İddianın məbləği 10 000 manatadək olduqda isə buna əlavə olaraq iddia məbləğinin 1 faizi tutulur. Məsələn, 2000 manatlıq tələb üzrə rüsum 40 manat təşkil edir.
Qüvvədə olan qaydaya əsasən, qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin rüsumu müvafiq iddia üçün müəyyənləşdirilmiş məbləğin 50 faizi qədərdir.
Təklif edilən dəyişikliklə qiymətləndirilən iddialarda həmin 50 faizlik rüsum bütün ilkin iddia məbləğinə deyil, yalnız şikayətdə mübahisələndirilən hissəyə tətbiq olunacaq. Nəticədə şikayətçinin ödəyəcəyi məbləğ həmin hissəyə əsasən hesablanacaq.