QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ləğv edilən MuğanBank ASC-yə məxsus Bakı, Sumqayıt və Goranboydakı dörd daşınmaz əmlak açıq hərracda satışa çıxarılıb. Onların ilkin qiymətlərinin cəmi 3 milyon 140 min manatdır.
Bakı şəhəri, Nizami küçəsi 96 ünvanında yerləşən, 218,3 kvadratmetr sahəsi olan təmirli qeyri-yaşayış binası üçün başlanğıc qiymət 1 milyon 500 min manat müəyyənləşdirilib.
Digər obyekt Nəsimi rayonunda, 28 May küçəsi, ev 4 ünvanındadır. Dördmərtəbəli binanın birinci mərtəbəsi və antresolunda yerləşən 361,5 kvadratmetrlik qeyri-yaşayış sahəsinin ilkin dəyəri 1 milyon 200 min manatdır.
Goranboyda, Heydər Əliyev prospekti 44 ünvanındakı iki mərtəbəli binanın sahəsi 127,1 kvadratmetrdir. Təmir vəziyyəti zəif olan bu əmlak 120 min manat ilkin qiymətlə hərraca təqdim olunub. Sumqayıtın 46-cı məhəlləsindəki təmirsiz, bir mərtəbəli 1065,3 kvadratmetrlik əmlak kompleksi isə 320 min manat qiymətləndirilib.
2023-cü ilin sentyabrında yayımlanan səhmdar strukturu məlumatında Munir Vəliyevin bankda 40 faiz, Samir Vəliyevin 33,85 faiz, Vəfa Vəliyevanın isə 16,27 faiz paya sahib olduğu göstərilmişdi. Sabiq deputat Əhməd Vəliyevin övladlarının ümumi payı 90,12 faiz olub. Fəridə Mehdiyevanın payı 9,22 faiz, Elmir Mehdiyevin payı isə 0,66 faiz təşkil edib.
MuğanBankın lisenziyası 2023-cü il oktyabrın 19-da ləğv olunub. Mərkəzi Bank qərarı kapital çatışmazlığı, kapital adekvatlığının aşağı səviyyəsi, habelə idarəetmə və nəzarət prosedurlarındakı nöqsanlarla izah edib. Oktyabrın 24-də bank müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu isə ləğvedici təyin edilib.