QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, sükan arxasında olmaq ürək-damar sisteminə digər oturaq məşğuliyyətlərdən daha çox təsir edə bilər. Alimlərin müşahidəsinə əsasən, avtomobil sürərkən nəbz daha uzun müddət yüksək qalır.
Araşdırmanın nəticələri “Digital Public Health” elmi jurnalında yayımlanıb. ABŞ-nin Hyuston Universitetinin tədqiqatçıları bir həftə ərzində orta yaşı 26 olan 57 sürücünü izləyiblər. İştirakçılar ürək döyüntülərini hər gün ağıllı saat vasitəsilə qeydə alıblar, nəqliyyat vasitələrindəki xüsusi cihazlar isə səfərlər barədə məlumat toplayıb.
Tədqiqat çərçivəsində 177 mindən artıq dəqiqəlik göstərici və gündəlik fəaliyyətə dair təxminən 3 min saatlıq məlumat əldə olunub.
Təhlil göstərib ki, sürücülərin nəbzi avtomobil idarə etdikləri müddətin təxminən 94 faizində onların fərdi istirahət göstəricisindən yuxarı olub. Oturaq iş və ya dincəlmə vaxtı isə bu nisbət 81 faiz təşkil edib.
Sükan arxasında nəbz bir saat ərzində orta hesabla cəmi 1,3 dəfə istirahət səviyyəsinə enib. Digər oturaq fəaliyyətlər zamanı ürək döyüntülərinin bu göstəriciyə qayıtma sayı orta hesabla 2,5 olub.
Tədqiqatçılar fərqi sürücülərin yola davamlı diqqət yetirməsi, qərar verməsi və dəyişən şəraitə çevik reaksiya göstərməsi ilə əlaqələndirirlər. Onların fikrincə, avtomobil idarə etmək televiziyaya baxmaqdan və ya kompüter qarşısında oturmaqdan fərqli olaraq, fasiləsiz diqqət və konsentrasiya tələb edir.
Alimlər bu nəticənin həm iş günlərində, həm də həftəsonlarında qeydə alındığını bildiriblər.