QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda, “Gənclik” metrostansiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaxınlığındakı velosiped zolağında yağış barmaqlığının olmaması hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Bloqer Aynur Nəbiyeva məsələni sosial şəbəkə hesabında paylaşıb. O, zolaqla hərəkət edərkən açıq qalan yağış kanalizasiya quyusunun velosiped sürənlər üçün ciddi qəza riski törətdiyini bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, problemin səbəbi son vaxtlar yağış barmaqlıqlarının oğurlanmasıdır.
Qurumun açıqlamasında qeyd olunub ki, paytaxtın müxtəlif ərazilərində belə hallar vaxtaşırı baş verir. Yağış sularının axıdılması üçün nəzərdə tutulan metal barmaqlıqların oğurlanması həm yol infrastrukturuna ziyan vurur, həm də piyadalar və sürücülər üçün təhlükə yaradır. Belə hadisələr qeydə alınanda AAYDA hüquq-mühafizə orqanlarına rəsmi müraciət edir və araşdırma üçün zəruri məlumatları təqdim edir.
Agentlik sözügedən ərazidə yeni yağış barmaqlığının qısa müddət ərzində quraşdırılacağını da bildirib.