QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun idmançıları beynəlxalq “Elbe BOXPOKAL” yarışında uğurlu nəticələr əldə ediblər.

“Odlar Yurdu”, “BSV Return to Fight” və “Keirat” klublarının birgə təşkil etdiyi turnirdə Avropanın müxtəlif ölkələrindən və Almaniyanın ayrı-ayrı şəhərlərindən olan boksçular qüvvələrini sınayıblar. Müxtəlif yaş kateqoriyalarında keçirilən yarışların sonunda qaliblər müəyyənləşib və onlara kuboklar, eləcə də mükafatlar təqdim olunub.

“Odlar Yurdu” təmsilçiləri yarışda qazandıqları qələbələri 8 Noyabr – Zəfər Gününə həsr ediblər.

Klubun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Azad Əzizov bildirib ki, Zəfər Günü azərbaycanlılar üçün böyük qürur daşıyır. Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunan tarixi Qələbənin ildönümünü idman uğurları ilə qeyd etmək və xalqın sevincinə töhfə vermək klubun boksçuları üçün xüsusi məna kəsb edir. Əzizov qeyd edib ki, idmançılar rinqdə əzmlə mübarizə apararaq qələbələrini Zəfər sevincinə ithaf ediblər.

Əzizov əlavə edib ki, bu nəticələr idman nailiyyətindən əlavə, Vətənə bağlılığın, milli ruhun, iradənin və Azərbaycan kimliyinə sədaqətin göstəricisidir. O, şəhidlərin xatirəsinin daim yaşadığını və onların fədakarlığının xalqın tarixi Zəfərinin əsasını təşkil etdiyini vurğulayıb.