QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan olan şəxslərin pasportlarında doğum yerinin göstərilməsi və paraflanmış sülh sazişinə əməl olunması barədə danışıb. O, bu məsələdə seçimin “Yerablur” hərbi panteonunun genişlənməsi ilə sülh müqaviləsinin şərtlərinə riayət etmək arasında olduğunu bildirib.

Paşinyan bu fikirləri keçirdiyi brifinqdə səsləndirib. Qarabağdan olan şəxslərin yeni biometrik pasportlarında doğum yerinin Azərbaycan kimi qeyd edilməsi ilə bağlı suala cavabında baş nazir bunun paraflanmış sazişin müddəalarına uyğun olduğunu deyib.

“Əlbəttə ki, vicdanım məni narahat edir. Bunu necə təsəvvür etdiniz?! Bəli, çox. Xüsusilə də ona görə ki, Qarabağdan olan soydaşlarımızın pasportlarında doğum yerlərini qeyd edərkən paraflanmış sülh müqaviləsinin müddəalarına əməl etməliyik ki, “Yerablur” genişlənməsin. Ya “Yerablur” genişlənməlidir, ya da biz paraflanmış sülh müqaviləsi çərçivəsində qalmalıyıq. Bu, çox aydın siyasi seçimdir”, – deyə o vurğulayıb.

Baş nazir əlavə edib ki, hakimiyyətdə olduğu son iki il səkkiz ay müddətində “Yerablur” hərbi panteonunun sahəsi genişləndirilməyib. Onun sözlərinə görə, bu, Ermənistan rəhbərləri arasında belə bir vəziyyətin ilk dəfə qeydə alınmasıdır.

Paşinyan yeni Konstitusiya layihəsinə də münasibət bildirib. O, sənədin ictimai müzakirəyə açıq olduğunu, yekun qərarı isə vətəndaşların verməli olduğunu deyib. Baş nazir layihə ilə bağlı hökumətin konkret təklifinin olmadığını qeyd edərək, Konstitusiyanın referendumla qəbulunu və insanların bayraq, gerb və himni özlərinin müəyyənləşdirməsini təklif edib.

Hazırda İrəvanda hökumət binasının qarşısında Qarabağdan olan bir qrup sakin pasportlarda doğum yerinin Azərbaycan kimi göstərilməsinə etiraz aksiyası keçirir.

“Yerablur” İrəvanın qərb kənarında, eyniadlı təpənin zirvəsində yerləşən hərbi qəbiristanlıqdır. Orada 1988-ci ildən Qarabağ münaqişəsində, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il İkinci Qarabağ müharibəsində həlak olmuş erməni hərbçiləri dəfn edilib.