QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiyanın nüvə silahı daşıya bilən “Sputnik-S” peykini dekabrda orbitə göndərmək ehtimalı var. Kosmosda nüvə partlayışının baş verməsi minlərlə peykin işinə mane ola bilər.

Qərb kəşfiyyatının məlumatlarında Rusiyanın peykin buraxılışı ilə bağlı hazırlıqları intensivləşdirdiyi bildirilir. Məlumata əsasən, aparat uzun müddətdir Moskva yaxınlığında saxlanılır.

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunur ki, orbitdəki nüvə partlayışı rabitə, naviqasiya və hərbi müşahidə peykləri də daxil olmaqla minlərlə aparatı sıradan çıxara bilər. Partlayış nəticəsində yaranan radiasiya zolaqlarının orbitdə illərlə qalaraq peyklərə zərər vurması mümkündür.

Rusiyanın belə bir sistem üzərində işləməsi barədə ilk məlumatlar 2024-cü ildə yayımlanıb. Moskva son iddiaları təkzib edib. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov xəbərləri ciddi qəbul etməməyə çağırıb.

Nüvə silahının Yer orbitinə yerləşdirilməsi 1967-ci ildə qəbul olunmuş “Kosmik Məkan haqqında” müqavilənin şərtlərinə uyğun deyil. Müqavilə nüvə və digər kütləvi qırğın silahlarının orbitə çıxarılmasını qadağan edir.