QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-dən 25-dək Çin Xalq Respublikasında səfərdə olub.
Səfər çərçivəsində Fərid Əhmədov Çin Xalq Respublikasının ədliyyə naziri He Ronqla görüşüb. Tərəflər Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri və siyasi iradəsi nəticəsində ikitərəfli əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd ediblər. Bildirilib ki, siyasi dialoqun yüksək səviyyəsi hüquq və ədliyyə də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə imkan verir. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 ili tamam olur.
Fərid Əhmədov ədliyyə sahəsində mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi və birgə təşəbbüslər əlaqələrin inkişafına töhfə verir.
Görüşdə geniş müqavilə-hüquq bazasının yaradıldığı və imzalanmış sənədlərin uğurla həyata keçirildiyi vurğulanıb. Hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi ilə bağlı qüvvədə olan müqavilələrin əhəmiyyəti də qeyd olunub.
Tərəflər görüşün yekununda 2025-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası üçün 2027–2029-cu illər üzrə Əməkdaşlıq Proqramını imzalayıblar. Sənəddə beynəlxalq əməkdaşlıq, notariat, ədliyyə sisteminin rəqəmsallaşdırılması, hüquqşünasların təlimi və penitensiar sahədə təcrübə mübadiləsi nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyəti səfər zamanı Pekin Hüquqi Yardım Mərkəzinə və Çin Ali Xalq Məhkəməsinin qərargahındakı “Ağıllı Məhkəmə” laboratoriyasına da baş çəkib.