QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, aktyor Ruslan Sabirlinin Almatıda olduğu mənzildə yanğın baş verib. Hadisə zamanı o, prodüserinin evində olub.
Sabirli sosial şəbəkə hesabında bildirib ki, Almatıya bədii filmdə baş rolun antaqonist obrazını canlandırmaq üçün gəlib. Onun sözlərinə görə, çəkilişlərlə bağlı prodüserinin evində toplaşdıqları vaxt qaz sobası qəfil alışıb.
Aktyor alovun sürətlə yayıldığını, qısa müddətdə mənzili qara tüstü və zəhərli dumanın bürüdüyünü qeyd edib. O, özünü itirmədən qaz borusunu taparaq ventili bağladığını, ardınca yanğını su ilə söndürməyə çalışdığını və sobadakı yanan materialları çıxardığını yazıb.
Sabirli bildirib ki, yanğın pərdələrə və mebelə keçmədən onu söndürə bilib, mənzildə olan insanları xilas edib və hadisədə ölən olmayıb. Polis və yanğınsöndürənlər çağırışdan sonra gəlsələr də, həmin vaxt alov artıq söndürülmüşdü.
Aktyor tüstüdən qorunmağa çalışmasına baxmayaraq zəhərlənmiş ola biləcəyini, əvvəlcə hiss etmədiyi baş ağrısının sonradan başladığını bildirib. O, xəstəxanaya gedəcəyini də qeyd edib.