QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Şirvan İnzibati Məhkəməsi sabiq hakim Nüsrət Mirzəyevin pensiyasının əlavə ödənişlər nəzərə alınmaqla yenidən hesablanması barədə qərar qəbul edib. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bununla bağlı öhdəlik daşıyacaq.
Mirzəyev 2007-ci ildən hakim işləyib. 2026-cı ildə yaş həddinə çatdığı üçün hakimlik fəaliyyətinə xitam verildikdən sonra ona 18 il 9 ay 3 günlük staj əsasında ayda 4 696,65 manat pensiya təyin olunub.
Sabiq hakim hesab edib ki, pensiyası müəyyən edilərkən hakim işlədiyi illərdə qüvvədə olan daha əlverişli qaydalar tətbiq edilməlidir. O, vəzifə maaşına əlavələrin, staja görə ödənişlərin və hakim səlahiyyətlərinin icrası ilə əlaqədar pul təminatının hesablamaya daxil edilməsini tələb edib.
Fond etirazında bildirib ki, pensiya hüququ 2026-cı ildə yaranıb və hesablamada 2018-2022-ci illəri əhatə edən ardıcıl 60 ay götürülüb. Həmin müddət üzrə orta aylıq əməkhaqqı 7 668 manat hesablanıb. Bu göstəricinin 61,25 faizi olan 4 696,65 manat pensiya kimi müəyyən edilib.
Məhkəmənin araşdırmasına görə, Mirzəyev 2007-2010-cu illərdə Salyan Rayon Məhkəməsində, 2010-2022-ci illərdə Şirvan Apellyasiya Məhkəməsində, 2022-2026-cı illərdə isə Biləsuvar Rayon Məhkəməsində hakim vəzifəsində çalışıb.
Məhkəmə vurğulayıb ki, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin əsas təminatlarından sayılır. Bu səbəbdən pensiya hesablanarkən hakimlik fəaliyyəti zamanı qüvvədə olmuş sosial təminat qaydaları və əməkhaqqına daxil olan ödənişlər nəzərə alınmalıdır.
Qərara əsasən hesablamaya hər ay verilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər beş ilinə görə maaşın 15 faizi qədər əlavə haqq, eləcə də səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı daxil edilməlidir.
Həmçinin sabiq hakimin Şirvan Apellyasiya Məhkəməsində çalışdığı son 60 ay — 2018-2022-ci illər üzrə orta aylıq əməkhaqqının 80 faizi həcmində əlavənin nəzərə alınması qərara alınıb.
Məzuniyyət dövrü üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinətin və müalicə məqsədilə verilən iki aylıq əməkhaqqı həcmində pul təminatının pensiya hesablamasına salınması tələbi isə təmin edilməyib.
Beləliklə, iddia qismən təmin olunub və pensiyanın qeyd edilən əlavələr əsasında yenidən hesablanması Fondun müvafiq filialına həvalə edilib.