QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakıda ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul olan “Sabko” MMC-dən 155 378 manat dəyərində məhsul oğurlanıb.

Araşdırma zamanı hadisənin şirkətin üç əməkdaşı — anbardar, sürücü və fəhlə tərəfindən törədildiyi müəyyənləşib. Onlara Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham verilib.

İttihama əsasən, işçilər şirkətdən müxtəlif vaxtlarda 15 579 ədəd, ümumi dəyəri 46 113,84 manat olan “Red Bull 250 ml” enerji içkisini, 2 610,76 kiloqram “Ankor” yağını (51 040,36 manat), 1 570,80 kiloqram “Tulçinka” yağını (6 785,86 manat), 6 502,80 kiloqram “Kalinka” yağını (39 211,88 manat) və 618,42 kiloqram “West gold” yağını (12 226,06 manat) gizli şəkildə çıxarıblar.

Əlimusa, Məmmədağa və Anar adlı əməkdaşların əməlləri anbardan yenidən mal götürmək istədikləri vaxt üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hər üç təqsirləndirilən şəxs məhkum edilib. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncüsü isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.

2014-cü ildə yaradılmış “Sabko” MMC-nin qanuni təmsilçisi Amil Sadıqov, direktoru isə Səbuhi adlı şəxsdir. Şirkətin anbarı Nərimanov rayonunun Qarabağ küçəsində yerləşir. MMC daha əvvəl AQTA-nın yoxlamaları zamanı da gündəmə gəlib: anbarda məhsulların saxlanma şəraiti ilə bağlı nöqsanlar aşkarlanıb.