QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan daha üç nəfərin təzminat tələbinə Nəsimi Rayon Məhkəməsində baxılıb.
İddiaçılar hadisələr zamanı uzun müddət qapalı şəraitdə saxlandıqlarını və müxtəlif əzablar yaşadıqlarını bildiriblər. Onlar maddi və mənəvi zərərin ödənilməsini istəyiblər.
2021-ci ildə iş üzrə istintaqın yenilənməsindən sonra zərərçəkmiş statusu alan şəxslər yaşadıqları ilə əlaqədar 100-200 min manat məbləğində kompensasiya tələb ediblər.
Ayrı-ayrılıqda araşdırılan məhkəmə işlərində cavabdeh Maliyyə Nazirliyi olub. Nazirlik iddialara qarşı çıxaraq, qurumun fəaliyyəti nəticəsində iddiaçılara zərər dəymədiyini bəyan edib.
Nəsimi Rayon Məhkəməsi tələbləri qismən təmin edib. Qərara əsasən, iddiaçılardan birinə 7 500 manat, digər iki nəfərə isə 8 000 və 8 500 manat kompensasiya veriləcək.