QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda 16 yaşlı yeniyetmə 44 yaşlı qonşusunu öldürməkdə ittiham olunub. Məhkəmə prosesində hadisənin başvermə səbəbləri və təfərrüatları açıqlanıb.
Hadisə 2025-ci il oktyabrın 11-də Əmircan qəsəbəsində qeydə alınıb. Bakı sakini, 2009-cu il təvəllüdlü Qəhrəman qonşusu Səmədə (adlar şərtidir – red.) bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Yeniyetməyə Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 120.1-ci və silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan yararlanmaqla törədilən xuliqanlığa dair 221.3-cü maddələri ilə ittiham verilib. Qəhrəman məhkəmədə təqsirini qəbul edib.
İfadəsində valideynlərinin 2019-cu ildə rəsmi boşandığını deyən Qəhrəman atası, babası və digər qohumlarının İmişlidə yaşadığını bildirib. Həbs edilənədək isə Əmircan qəsəbəsində anası və azyaşlı bacısı ilə qalıb.
O, natamam orta təhsil aldığını, ailənin maddi və sosial çətinlikləri, eləcə də təhsilə marağının azalması üzündən məktəbi davam etdirə bilmədiyini söyləyib. Anasının ailəni dolandırmaq üçün müxtəlif işlərdə çalışdığını, özünün isə əsasən evdə olduğunu və bəzən gündəlik ehtiyaclara kömək etdiyini qeyd edib.
Qəhrəmanın sözlərinə görə, Səmədi 2019-cu ildən tanıyıb. Həmin vaxt eyni küçədə qonşu kimi kirayədə yaşadıqlarını, aralarında yaxın münasibət olmadığını deyib. Sonradan anası Səlimə Səmədə məxsus marketdə satıcı işləməyə başlayıb, o da tez-tez ora gedərək anasına yardım edib.
Yeniyetmə anası ilə Səmədin münasibətinin dəyişdiyini düşündüyünü, anasının telefonla yazışdığını və davranışlarında fərqlilik gördüyünü bildirib. Daha sonra anasının telefonundakı WhatsApp yazışmalarında şəxsi və intim xarakterli mesajlarla qarşılaşdığını deyib. Bu yazışmaların onda qəzəb və qisas hissi yaratdığını, həmçinin Səmədin borc məsələsinə görə onu və anasını təhqir etdiyini iddia edib.
Qəhrəman hadisə günü səhərdən əsəbi olduğunu, günorta evdə tək qalaraq Səmədlə məsələni bitirmək qərarına gəldiyini söyləyib. Mətbəxdən bıçaq götürüb piyada qonşusunun yaşadığı küçəyə yollanıb. Səmədi iki nəfərlə birlikdə görən kimi ona tərəf qaçaraq bıçaqla bir neçə zərbə endirdiyini bildirib.
Səməd yerə yıxıldıqdan sonra hadisə yerindən uzaqlaşaraq xalasının evinə gedib və baş verənləri xalasının oğluna danışıb. Həmin şəxs onu sakitləşdirməyə çalışaraq polisə təslim olmağı məsləhət görüb. Bir müddət sonra evə xala, xala qızı və Qəhrəmanın anası gəlib, ardınca polis əməkdaşları yeniyetməni saxlayıblar.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi, Səmədin bacısı Xuraman da ifadə verib. O, qardaşının Səlimə ilə 2018-2019-cu illərdə tanış olduğunu və Səlimənin 2021-ci ilədək ailənin idarə etdiyi marketdə işlədiyini bildirib.
Xuramanın sözlərinə görə, Səmədin həyat yoldaşı Cəmilə ərinin Səlimə ilə münasibətindən xəbər tutandan sonra ailədə narazılıq yaranıb. 2023-cü ildə münaqişə səbəbindən Cəmilə ata evinə qayıdıb, daha sonra ailə üzvlərinin səyi ilə ər-arvad barışıb. Cəmilə münasibətin kəsilməsini tələb etdikdən sonra Səməd həmin il Səlimə ilə əlaqəni dayandırıb, lakin 2024-cü ildə münasibətlərini bərpa ediblər.
Xuraman əlavə edib ki, hadisədən əvvəl Səlimə Cəmiləyə telefonla yazaraq Səmədlə bir-birini sevdiklərini deyib, ondan kənara çəkilməsini istəyib və birlikdə olduqları vaxtlara aid fotolar göndərib. Hadisə günü bazarda olan Xuramana həyat yoldaşı Abbas zəng edərək təcili evə gəlməsini xahiş edib. Evə çatanda qardaşının küçədə, yaşadıqları evin qarşısında bıçaqlanaraq öldürüldüyünü öyrənib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Qəhrəmanı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.